Звоните на номер:

AZƏRBAYCANDA ŞƏRABÇILIĞIN TARİXİNİ ƏKS ETDİRƏN MƏNBƏLƏR

AZƏRBAYCANDA ŞƏRABÇILIĞIN TARİXİNİ ƏKS ETDİRƏN MƏNBƏLƏR
 
 
Əlizadə Gözəl Hikmət qızı
Lənkəran REM-in elmi işçisi
Azərbaycan, Lənkəran
 
XÜLASƏ
 
Məqalə Azərbaycanda şərabçılığın inkişaf tarixinin arxeoloji və yazılı mənbə məlumatları əsasında tədqiqinə həsr olunur. Araşdırmalar göstərir ki, hələ qədim zamanlardan Azərbaycanda şərabçılıq təsərrüfatı mövcud olmuşdur. Şərabçılığa dair tarixi ənənələrin müxtəlif dövrlərdəki inkişafı məqalədə öz əksini tapmışdır. Həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə istinad edilərək şərabçılığın ölkədəki inkişaf tarixi öyrənilmişdir.
Açar sözlər: şərab, şərabçılıq, mənbə,  xalq, tarix, şair, əsər.
Azərbaycanın şərabçılıq tarixinin öyrənilməsində mühüm olan bir sıra qaynaqlar bu gün də tədqiqatçılar üçün əsas mənbə olaraq əhəmiyyətini saxlamaqdadır. Bura arxeoloji qazıntılar və bu qazıntılardan əldə olunan tapıntılar; ölkəmizə gələn səyyahlar,  alimlər, salnaməçilər və b. yazıb qoyduğu materiallar, həmçinin ölkəmizin ziyalı şəxsləri və dövlət quruluşlarının qoyduğu yazılı məlumatlar;  xalqımızın sahə ilə bağlı olaraq əsrlər boyu dildən-dilə ötürərərək yaşatdığı və bu günə qədər gətirib çıxardığı deyimlər, atalar sözləri və bayatılar  ifadə olunan materiallar aid edilə bilər. Arxeoloji qazıntılar sayəsində biz ölkəmizin sahə üzrə çox qədim ənənələrə malik olduğunu söyləyə bilirik. Azərbaycan Geologiya idarəsinin əməkdaşları 1963-cü ildə Bozdağın qərbində 1-2 milyon il əvvəl əmələ gəlmiş Abşeron adlandırılan çöküntüləri tədqiq edərək orada çoxlu miqdarda bitki qalıqları, xüsusilə də yabanı meşə üzümünün yarpaqlarının daş üzərindəki izlərini aşkar etdilər. Bu tapıntı yabanı üzümün bu yerlərdə yarım milyon il bundan əvvəl meydana gəlməsini göstərir. Daha sonra bunu Naxçıvan MR-da tapılan daşlaşmış üzüm yarpaqları da təsdiq etmiş oldu. Hal-hazırda yabanı meşə üzümünə ölkəmizin Kür çayı və onun qolları boyunca, Şəki-Zaqatala bölgəsində, Böyük Qafqaz dağlarının cənub ətəyində, Naxçıvanda və Gəncə bölgəsində də təsadüf etmək olar. Göründüyü kimi ölkəmizdə ilk yabani üzüm formaları çox geniş yayılmışdır. Bu da alimlərin - mədəni üzümün vətənini onun əcdadı olan yabani üzümün yayıldğı ərazilərdə axtarmaq lazımdır -  fikirini doğrultmaqla bərabər  ölkəmizin mədəni üzümün ilk və əsaslı məskənlərindən olduğunu sübuta yetirir.
Ağdam rayonundakı Üzərliktəpə abidəsində aparılmış qazıntılar zamanı tunc dövrünə aid edilən müxtəlif alətlər, gil qablar, üzüm toxumları və s. tapılmışdır. Bu üzüm - Vitis Vinifera növünə mənsubdur. Bu isə İran və Cənubi Qafqaz ərazisində üzümün ən qədim növü sayılır. [7, s.134].
 Həmçinin bu tipli abidələr Azərbaycanın cənub-şərq hissəsində və Naxçıvan MR-da da tapılmışdır. Tunc, antik və digər dövrlərə  aid edilən belə abidələrə Sarıtəpə (Qazax, Beyləqan rayonları), Meynətəpə (Fizuli, Şəmkir rayonları), Qaraçıbulax və ya Qəleyçibulax (Ağsu rayonu), Şəkili (İsmayıllı rayonu) və başqalarını misal göstərmək olar. Bu abidələrdən üzüm toxumları, kömürləşmiş üzüm gilələri, içərisində şərab xıltı olan küplər, üzüm əzən daşlar, sürtkəclər, həmçinin təsərrüfat alətləri (dəhrə, bıçaq, qayçı və s.) xırda qablar (kuzə, qədəh, cam və s.) tapılmışdır. Bu da  Azərbaycanda üzümçülük və şərabçılığının tarixinin 5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir.
Manna və Midiya kimi qədim dövlətlərin ərazisində də Üzümçülük və Şərabçılıq geniş yayılmışdı. Bu haqda məlumat II Sarqonun dövrünə dair mətnlərdə öz əksini tapmışdır. Mətnlərdə mannalıların Şərab anbarları haqqında məlumat vardır . Hətta həmin yazılarda deyilir ki, Assur qoşunları e.ə. 714-cü ildə urartular üzərinə yürüş təşkil edərkən mannalılar onları şərabla təmin edirdilər [6, s.47]. E.ə. VI əsrdə Midiyada "...lampa tutmaq və şərab paylamaq peşələri var idi. Şərab paylamaq hörmətli vəzifə idi. Çünki saqilər şahı tez-tez görürdülər" [8, s.875]
Üzümçülüyün Azərbaycanda qədim tarixi olmasını göstərən qiymətli materiallardan biri də Xanlar rayonu yaxınlığında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olan qədim yaşayış yerinin 118 №-li binasında iri təsərrüfat küpünün içindən tapılan üzüm tumlarıdır [9, s.750]. Qeyd etmək lazımdır ki,  bu tumlar da ən qədim növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Tapılan üzüm tumları bu ərazidə təkcə üzümçülüyün deyil, həm də şərabçılığın varlığına da işarədir.
Gürcüstanın Marneuli və  Azərbaycanın Gəncə-Qazax  düzənliklərində  e.ə. VI-IV minilliklərə aid edilən abidələri tədqiq edən alimlər onları “Şomutəpə mədəniyyəti” adı altında ümumiləşdirmişlər. Bu adlandırma Ağstafa rayonundakı Şomutəpə abidəsinin adı ilə əlaqədardır. İ.Q.Nərimanov tərəfindən 1960-1964-cü illərdə aparılan tədqiqatlar zamanı Şomutəpə mədəniyyəti abidələrində mədəni və yabanı arpa, buğda qalıqları, üzüm toxumları, müxtəlif qablar və s. aşkar edilmişdir. Məlum olmuşdur ki, bu dövürdə əkinçilikdə suvarma tətbiq olunurmuş. Bu dövr Zaqafqaziyada ibtidai əkinçilik və maldarlığın erkən mərhələsini təşkil edir.  Daha sonra 1973-cü ildə Ağsu rayonunun Nuran kəndindən 2 km simal qərbdə üzüm bağı salınarkən Qaraçıbulaq (Qəlyçıbulaq) adlı antik dövrə aid edilən yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir. Bu  Abidə 10-12 ha ərazini əhatə edir. indi həmin yer əhali arasında “Qaraçuxa”, “Qaraçux”, “Qaraçuxur” kimi tanınır.  Buradan dulus kürəsi qalıqları, iri küplərin sınıqları, saxsı qıf, dən daşları, tunc at fiquru , gil qablar, dəmir nizə ucluqları, tunc xəncər və s. Tapılmışdır. Həmçinin bu tapıntılar eramızdan əvvəl 12-ci əsrdən başlayaraq eramızın I əsrinə qədər burada əhalinin məskunlaşdığını, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olduğunu göstərir.
Azərbaycanın şərabçılıq tarixinin qaynaqlarından bəhs edərkən ilk yazılı abidələrimizdən biri olan «Kitabi-Dədə-Qorqud» dastanını da qeyd etmək lazımdır. Erkən və orta əsrlərə  aid ediən «Kitabi-Dədə-Qorqud» dastanında üzüm və şərab, xüsusuilə, vəsf olunur.
 
Ol dağlarımızda bağlarımız olur,
Ol dağların qara salxımlı üzümü olur,
Ol üzümü sıxırlar, al şərabı olur,
Ol şərabdan içən əsrük olur.
 
 “Əsrük” qədim oğuzlarda qəhrəman, qorxu bilməz mənasındadır. Dastanda Qazan Xanın oğlu ilə bərabər ovda şərab içərək yatması və evinin yağmalanmasından xəbər tuta bilməməsindən bəhs edilir. Şərab və bərk yuxunun oğuz türklərinin zəif cəhədləri olduğu anlaşılır.[1, s.14] Bundan başqa XII əsrdə yaşamış dahi Azərbaycan şairi N.Gəncəvi nəinki üzüm və ondan alınan məhsulları, həm də hazırlanan məhsuldan asılı olaraq üzümün yığılma vaxtının müəyyən olunması və şərab hazırlanma texnologiyasını vəsf etmişdir.
 
Bir vaxt ki, qoraydım, bir vaxt ki, kaldım,
Onda şirin idim, elə bil baldım.
Sıxıb şirəmi də ayırardılar,
Ondan da tutiya qayırardılar.[2, s.14]
 
 Həmçinin N.Gəncəvi ilə eyni dövrdə yaşamış və XII əsrin ən nəhəng simalarından olan Ə.Xəqani və böyük Azərbaycan şairəsi M.Gəncəvi də şeirlərində  şərabla bağlı mövzuya müraciət etmiş, nəinki şərab hətta şərab qabları istehsalına dair dəyərli yazılı məlumatlar qoymuşlar. Üzüm və şərabçılıq mövzusuna yer verən şairlərdən biri də M.Füzuli olmuşdur.
 
Bir gün yenə xanəmdə şərab məclisi vardı,
Nur səpmiş idi hər tərəfə badə çırağı.
Içdikcə başım qızdı, ürək zövq ilə doldu,
Bir xeyli zaman tar ilə çəng həmdəmim oldu. [3, s.18]
 
 Göründüyü kimi şair, şərabı musiqiyə sevgi yaradan və insana ruh verən vasitə kimi tərənnüm edirdi.  Bundan başqa  M.Fuzulu “Leyli və Məcnun” poemasında yazırdı:
 
Arayişi söhbət eylə saqi,
Ver badə mürüvvət eylə saqi.
Bir cam ilə qıl damağımı tər,
Lütf eylə bir mərhəmət göstər.
 
Müəllif bu misralarda şairin saqiyə, yəni şərab paylayana xitabən badə verməsini və ona ağız tamını təzələyən (tər edən) mey süzməsini xahiş etdiyini göstərir. [4, s. 20]
Tarixən dildən-dilə ötürülən zərb məsələlər, xalq mahnıları və tapmacalar da  tarixi qaynaqlardan hesab olunur. Bunlar azərbaycanlıların həyatının tarixən üzümçülük-şərabçılıqla bağlı olduğunu sübut edir.
Səbr elə halva bişər ey qora səndən,
Bəsləsən atlaz olar tut yarpağından.
Necə-necə şərab olur üzüm suyundan.
 
“Doşab aldım bal çıxdı”, “Tülkünün əli üzümə çatmadı, dedi - turşdur”, “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” və s. zərb  məsələlər də qədim tarixə işıq salır. Həmçinin üzüm və şərabı tərənnüm edən tapmacalar da maraq kəsb edir.
 
Atası hərpimiş qoca,
Anası yayma xatın.
Qızı ellər gözəli,
Oğlu ellər dəlisi.
 
Burada atası hərpimiş qoca dedikdə üzümün yaşlı ştambını, anası yayma xatın – üzümün yarpağını, qızı ellər gözəli – üzüm salxımını, oğlu ellər dəlisi – şərabı ifadə edir.[5, s.20]
Beləliklə, tarixi mənbələrdə və yazılı ədəbiyyatda Azərbaycanda şərabçılığın qədim tarixi köklərə malik olmasını sübut edən kifayət qədər məlumatlara rast gəlinir. Şərabçılıqla və onun qədim ənənələri ilə bağlı sadaladığımız faktlar onun qədim azərbaycanlıların təsərrüfat həyatında mühüm əhəmiyyət kəsb etməsinin şahidi oluruq. Bunu həm arxeoloji, həm  yazılı qaynaqlar  həm də etnoqrafik məlumatlar da təsdiqləyir.
 
Istifadə edilmiş ədəbiyyat
  1. Hasil Fətəliyev. Şərabın mikrobiologiyası , dərslik. Baki 2015, s.14
  2. Hasil Fətəliyev. Şərabın mikrobiologiyası , dərslik. Baki 2015, s.14
  3. Hasil Fətəliyev. Şərabın mikrobiologiyası , dərslik. Baki 2015, s.18
  4. Hasil Fətəliyev. Şərabın mikrobiologiyası , dərslik. Baki 2015, s.20
  5. Hasil Fətəliyev. Şərabın mikrobiologiyası , dərslik. Baki 2015, s.20
  6. İ.Əliyev. Midiya tarixi. Azərb. SSR EA Tarix və Fəlsəfə İnstitutunun əsərləri, I cild. Bakı, 1958, s.47.
  7. К.Х.Кушнарева. Раскопки на холме Узерлик-тепе около Агдама, КСИИМК, вып. 60, М., 1957, с. 134.
  8. Y.Yusifov. Midiyada dövlət sənətkarlıq təsərrüfatı haqqında. AEAM, XV cild, № 9, 1959, s.875
  9. Я.И.Гуммель. К проблеме археоботаники Закавказья. Сообщ. Груз.
ФАН СССР, т.1, № 8-10, 1940, с.750.
 
SUMMARY
The article is devoted to the study of the history of the development of wine industry in Azerbaijan on the basis of archaeological and written sources. The research shows that winemaking has existed in Azerbaijan since ancient times. The article reflects the development of the historical traditions of wine production in different periods. The history of the development of winemaking in the country has also been studied with reference to the works of prominent representatives of Azerbaijan literature.
 
Keywords: wine, winemaking, source, people, history, poet, product.
Звоните на номер:
Напишите нам
По всем вопросам, просим написать на почту! 
Мы находимся по адресу:
M02E6B9

Казахстан, г. Караганда